ABŞ Ərdoğana şərt qoydu: Söz ver ki, kürdlərə hücum etməyəcəksən

“Türkiyə Suriyadakı kürd qüvvələrinə hücum etməyəcəyinə zəmanət verməyincə prezident Donald Tramp ABŞ qoşunlarını Suriyanın şimalından çıxarmayacaq. Kürd qüvvələri İŞİD-ə qarşı mübarizədə bizimlə vacib müttəfiqlik münasibətlərində olub”,- deyə ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

XariciMedia.com “NBC News“-a istinadən xəbər verir ki, Boltonun sözlərinə görə, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kürdlərə qarşı hücum təşkil etməyəcəyinə dair vəd tələb edir. Bu, ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün nəzərdə tutulan bir neçə şərtdən biridir.

C.Bolton onunla birlikdə İsrail və Türkiyəyə səfər edən jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə Türkiyə yetkililəri ilə, o cümlədən Ərdoğanla müzakirələr aparacaq.

D.Trump & R.T.Erdogan / Photo:Doug Mills / NYT / Redux

D.Tramp dekabrən 19-da gözlənilmədən açıqlama verərək ABŞ qoşunlarının Suriyadan çıxarılacağını bəyan etmişdi. Ardınca ABŞ və Avropanın bir sıra rəsmiləri Trampı bu qərardan çəkinməyə çağırmışdılar.

C.Bolton əlavə edib ki, qoşunların çıxarılması heç də Trampın açıqladığı kimi Suriyadan tamamilə çəkilməyi nəzərdə tutmur. Yalnız Suriyanın şimalında yerləşən 2 min nəfərlik Amerika qoşunlarının çıxarılması nəzərdə tutulur. ABŞ qüvvələri Suriyanın cənubunda qalmağa davam edəcək.

Türkiyə Suriyadakı kürd silahlı qüvvələrini terror təşkilatı kimi tanısa da, ABŞ həmin qüvvələrlə müttəfiqlik münasibətləri qurub.

Paylaş