“Çimərlik” qayığında dəniz səyahəti: Aralıq dənizində 549 miqrant xilas edilib

İspaniyanın dəniz sularında xilasetmə xidməti Aralıq dənizini keçmək istəyən 549 miqrantı xilas edib.

Xidmətdən verilən məlumata görə, xilasetmə gəmisi bazar günü ümumilikdə 350 miqrantı daşıyan 6 kiçik qayığı Cəbəllüttariq boğazının şərqindəki sularda dayandırıb.

XariciMedia.com “Fox News“-a istinadən xəbər verir ki, həmin gün həmçinin 199 miqrant 5 müxtəlif qayıqdan çıxarılaraq gəmiyə mindirilib. Çimərlik üçün nəzərdə tutulan hava ilə doldurulmuş iki balaca qayıq da dənizin ortasında saxlanılıb. Çimərlik qayıqlarından birində 4 uşaq daşınırmış. Digər “şişirdilmiş” qayıqda isə yetkinlik yaşına çatmış 10 nəfər yerləşibmiş.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2018-ci ildə Aralıq dənizini keçmək istəyərkən 2262 miqrant həyatını itirib.

Avropa Birliyinin sərhəd xidmətinin verdiyi məlumata görə, 2018-ci ildə 57 000 qanunsuz mühacir İspaniya sahillərinə çıxa bilib. Bu, 2017-ci ilin göstəricisindən iki dəfə çoxdur.

Bununla belə, ümumilikdə Avropaya qanunsuz mühacirət statistikası son 5 il ərzində ən aşağı səviyyəyə düşüb.

Paylaş