Atmosferə daxil olan Rusiya peyki alovlanaraq parça-parça oldu – Video

Yeni Zelandiya səmalarında hərəkət edən böyük alov kürəsi şahidlərin video çəkilişlərinə yaxalanıb.

Obyekt əvvəlcə böyük alov parçasından ibarət olsa da, az sonra parçalanmağa başlayıb.

XariciMedia.com xəbər verir ki, alov kürəsinin atmosferə daxil olması və ardınca parçalanması səhnəsi çoxsaylı sosial media üzvləri tərəfindən çəkilərək paylaşılıb. Hadisə Tauranqa şəhəri üzərində baş verib.

Bir sıra ekspertlər, o cümlədən fizika üzrə professor Riçard İster və Otaqo Muzeyinin direktoru Yan Qriffin bildirib ki, alov kürəsinin ölçüləri və hərəkətinə əsasən bu obyektin Rusiyaya məxsus peyk olduğunu söyləmək olar.

Rusiya peyki olduğu iddia edilən alov kürəsi / Photo: Youtube.com

“Kosmos 2430” peyki 2007-ci ildə fəzaya göndərilib, peykin məqsədi raket hücumlarını qeydə alıb əvvəlcədən Rusiyaya xəbər verməkdən ibarət olub. Peykin Yerə doğru hərəkət etdiyi əvvəlcədən bilinirdi və təxminən alov kürəsinin müşahidə edildiyi vaxtda atmosferə daxil olmalı idi.

Oklend Astronomiya Cəmiyyətinin prezidenti Bill Tomas isə bildirib ki, o görüntülərə əsasən obyektin peyk olduğunu iddia edə bilməz. Onun fikrincə alov kürəsi peyk qurğusu olmayıb. B.Tomas hesab edir ki, obyekt atmosferə daxil olan kimi parçalanan meteor ola bilər.

Paylaş