Çindən ABŞ və Kanadaya ağır cavab zərbəsi: Edam hökmü verdi

Çində həbs olunan Kanada vətəndaşı Robert Lloyd Schellenberg ötən ilin noyabrında 15 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan iş yenidən məhkləməyə qaytarılıb və onun barəsində edam hökmü çıxarılıb.

XariciMedia.com xəbər verir ki, dünən çıxarılmış edam hökmü Kanada hakimiyyətini və məhbusun ailəsini dəhşətə gətirib. “Ən pis qorxularımız reallığa çevrildi”,- deyə Schellenbergin ailəsindən verilən açıqlamada deyilir.

Bu hökm iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək. Çoxları hesab edir ki, Çinin bu addımı qisas məqsədi daşıyır.

Belə ki, ötən ay Kanada hökuməti Çinin telekommunikasiya nəhəngi olan “Huawei” şirkətinin yüksək vəzifəli nümayəndəsi Meng Wanzhounu həbs edib. Həbs ABŞ-ın tələbi əsasında baş tutub. 46 yaşlı xanım Mengin həbsi Çini qəzəbləndirib, ardınca Kanada və ABŞ-la münasibətləri gərginləşib.

Meng Wanzhou

Həbs edilmiş qadın həm də “Huawei” şirkətinin təsisçisi Ren Zhengfein qızıdır. Xanım Meng ABŞ-ın İran əleyhinə sanksiyalarını pozmaqdan ittiham olunur.

Edama məhkum edilmiş Schellenberg isə narkoticarətdə ittiham edilir. 36 yaşlı məhbus 2014-cü ildə həbs edilib. İttihama əsasən, o, 227 kq həcmində metamfetamin maddəsini qaçaqmalçılıq yolu ilə Çindən Avstraliyaya aparmağa cəhd edib. Onunla əlbir olan Çin vətəndaşı da edam cəzasına məhkum edilib, amma cəzanın icrası hələlik təxirə salınıb.

Castin Trüdo / Foto: GETTY IMAGES

Kanadanın baş naziri Castin Trüdo (Justin Trudeau) bildirib ki, “hökumət olaraq bu hal bizi dərindən narahat edir, bizim bütün beynəlxalq dostlarımız və müttəfiqlərimiz də narahat olmalıdırlar. Çin qanunsuz olaraq ölüm hökmlərini davam etdirir”. Bununla belə, o qeyd edib ki, Schellenberg barədə ölüm hökmünün ləğvi üçün Çinlə əməkdaşlığı davam etdirəcək.

Kanada artıq öz vətəndaşlarına müraciət edərək onları Çinə səfərlərdən çəkinməyə çağırıb.

Paylaş