“Risk etməyə dəyərdi.., orada qadınlara əşya kimi baxırdılar” – evdən qaçan ərəb qız

“Buna görə risk etməyə dəyərdi” – bu sözləri öz ailəsindən qaçaraq Kanadada sığınacaq alan ərəb qız deyib. İndi o müstəqil həyat tərzi keçirə biləcək.

XariciMedia.com BBC-yə istinadən xəbər verir ki, 18 yaşlı Rahaf Muhammed əl-Qunun əvvəlcə Tailanda uçmuşdu. Amma Tailandın hakimiyyət orqanları Rahafın Səudiyyə Ərəbistanında yaşayan ailəsinin tələbi ilə gənc qızı geri qaytarmaq istəyirdi.

Rahaf buna etiraz olaraq Bankokda otel otağında qapını bağlayaraq bayıra çıxmaqdan imtina etmişdi. Beynəlxalq təşkilatların və mətbuatın müdaxiləsi Tailand hökumətini öz planlarından çəkindirdi və bildirdilər ki, qızı istənilən üçüncü ölkəyə yola salmağa hazırdırlar.

Əvvəlcə, Avstraliyaya köçməyi planlayan qız sonda Kanadanı seçdi və beynəlxalq hüquq-müdafiə təşkilatlarının müşayiəti ilə yola salındı.

Rahaf evdən qaçmasına səbəb kimi qadağaları göstərib. O, Səudiyyədə qadınların heç bir hüququnun olmadığını, hətta evdən də icazə ilə çıxdığını bildirib: “Bizimlə bir əşya kimi, bir qul kimi davranırlar”.

Xatırladaq ki, Rahaf ailəsi ilə birlikdə Küveytə səfər edərkən qaçmışdı.

Çoxsaylı təzyiqlərdən qaçan gənc qız artıq Kanadada öz həyatını qurmağa başlayıb. Onu Human Rights Watch təşkilatının təmsilçiləri müşayiət edirlər.

Rahaf Muhammed eə-Qunun / Foto: youtube.com/channel/UCNye-wNBqNL5ZzHSJj3l8Bg

Onlar hava limanına toplaşmış jurnalistlərə bildiriblər ki, Rahaf hazırda çox yorğundur və sualları sonra cavablandıracaq. Hüquq müdafiəçiləri Rahafın cəsur bir qız olduğunu və Kanadada özünə yeni həyat quracağını bildiriblər. Artıq Kanadada yeni həyata uyğunlaşmağa başlayan Rahaf ilk açıqlamasında “belə həyat üçün risk etməyə dəyərdi”,- deyə bildirib.

Paylaş