Meksika prezidentinin narkobarondan aldığı rüşvətin məbləği heyrət doğurdu

Sabiq Meksika prezidenti Enrike Pena Nieto narkoticarət kartelinin başçısı Hoakin “El Çapo” Quzmandan 100 milyon dollar rüşvət alıbmış.

XariciMedia.com xəbər verir ki, bu barədə şahid ifadəsi Nyu Yorkda keçirilən məhkəmə prosesində ortaya çıxıb.

Şahid Aleks Sifuentes bildirib ki, o illər uzunu Quzmanla yaxın münasibətlərdə olub və prezidentə verilmiş 100 milyon dollar rüşvət barədə hakimiyyət orqanlarına 2016-cı ildə məlumat verib. Rüşvətin məbləği çoxlarını heyrətə gətirib.

Quzman “Sinaloa” narkoticarət kartelinin arxasında dayanmaqda ittiham olunur. Kartel ABŞ-da ən böyük narkotik təchizatçısıdır.

Nieto 2012-2018-ci illər aralığında Meksikada prezident postunu tutub.

61 yaşlı Quzman ötən ilin noyabrından etibarən Bruklində məhkəmə qarşısına çıxır. Onu Meksika hüquq-mühafizə orqanları ABŞ-ın tələbinə əsasən saxlayaraq ektradisiya ediblər. Quzman ABŞ-a kokoin, heroin və başqa narkotik maddələr ixrac etməkdə təqsirli bilinir.

ABŞ-ın hüquq-mühafizə orqanları bildiriblər ki, Quzman dünyanın ən böyük narkoticarət kartelini idarə edib.

 

Paylaş