Terroçuların ələ keçirdiyi otel geri alındı: 24 nəfərin öldüyü xəbər verilir

Kenya prezidenti Uhuru Kenyatta bildirib ki, Nayrobidə oteli ələ keçirmiş terrorçuların hamısı məhv edilib.

XariciMedia.com xəbər verir ki, terroçular Kenya paytaxtının Vestlands rayonunda yerləşən “DusitD2” otelini ələ keçirərkən ən azı 14 nəfəri qətlə yetirmişdilər.

Kenya hakimiyyəti hücumdan bir neçə saat sonra otelin azad edilməsi ilə bağlı əməliyyatın tamamlandığını bildirsələr də, ertəsi gün də atışma səsləri eşidilməkdə davam edirdi.

Somalidə yerləşən “Əş-Şabab” terror təşkilatı baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Otelə hücumda iştirak etmiş terrorçuların sayı barədə dəqiq məlumat yoxdur.

Uhuru Kenyatta / Foto: twitter.com/UKinKenya

Prezident Kenyatta televiziya vasitəsilə müraciətində bildirib ki, 14 nəfər qətlə yetirilib, 700 nəfər isə təhlükəsiz şəkildə təxliyyə edilib. Bununla belə, Kenya Qızıl Xaç Cəmiyyəti ölənlərin sayının 14 deyil, 24 olduğunu açıqlayıb. Ölənlərin arasında Ceyson Spindler adlı bir ABŞ vətəndaşı da var.

“Mən artıq təsdiqləyə bilərəm ki, “Dusit” otelində təhlükəsizlik əməliyyatı başa çatıb və bütün terrorçular məhv edilib. Bu hücumla hər hansı formada bağlılığı olan hər kəsin aşkarlanaraq məsuliyyətə cəlb olunması üçün hər şeyi edəcəyik”,- deyə Kenyatta xalqa müraciətində bildirib.

Paylaş