Turistlərin otağına gizli kamera qoydular

Evlərin, mənzillərin icarə verilməsi sistemi olan Airbnb-nin adı yenə izlənmə qalmaqalında hallanır.

Amerikalı professor Ceffri Biqhem ailəsiylə Sietl şəhərində dincələrkən bu problemlə qarşılaşıb. Airbnb-nin xidmətindən istifadə edən Biqhem istirahətin elə ilk günündəcə ayrı-ayrı otaqlarda gizli kameralar aşkarlayıb.

XariciMedia.com xəbər verir ki, professor ev kirayələyərkən yalnız evin çölündə kameraların olmasıyla razılaşıb. Amma otaqlarda kameraların aşkarlanması Biqhemi özündən çıxarıb: “Biz evdə qeyri-adi heç nə ilə məşğul olmamışıq. Bircə iki yaşlı oğlum otaqda çılpaq gəzmişdi”.

Professor dərhal ev sahibinə şikayət edib. Lakin ondan gözlənilməz kobud reaksiya görüb. Ev sahibi hətta Airbnb-nin saytında professoru tənqid etməkdən də çəkinməyib.

Keçən ilin sentyabrında şotlandiyalı turistlər Kanadanın Toronto şəhərində dincələrkən Airbnb-dən sifariş etdikləri mənzildə gizli kamera aşkarlamışdılar. Onda turistlər stolun üstündəki elektron saatda quraşdırılmış kameranı dərhal görmüşdülər.

Paylaş