Futbolçuların avtobusu 130 metr hündürlükdən aşdı, 13 nəfər həyatını itirdi

Bədbəxt hadisə Boliviyada baş verib. Futbolçuları aparan avtobus 130 metr hündürlükdən uçuruma yuvarlanıb. Nəticədə 13 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

XariciMedia.com xəbər verir ki, futbolçular “Sikles Lavalye” klubunun üzvləri olub. Potosi şəhərinə Tarixadan turnirə yola düşən komandanın avtobusunun əyləc sistemi sıradan çıxıb. Amma ölənlərdən və yaralananlardan heç də hamısı futbolçu olmayıb. Daha çox inzibati heyət üzvləri zərər görüb. Futbolçulardan 4-ü ölüb, 6-sı yaralanıb.

Cənubi Amerikada az belə hadisə olmur. Keçən ilin dekabrında Kolumbiyada basketbolçular həlak olmuşdu. İdmançıları aparan avtobus dağlıq yolda aşmışdı. Onda da avtobusdakılardan 13-ü həlak olmuşdu.

Futbolçularla bağlı qəza Boliviyada bir gün əvvəl baş vermiş dəhşətli qəzanın ardınca gəlib. Belə ki, bir gün əvvəl Boliviyada iki avtobus üz-üzə toqquşmuşdu, ən azı 22 nəfər ölmüş, 37 nəfər xəsarət almışdı.

Paylaş