Öküz məşhur kovboyu tamaşaçıların gözü qarşısında öldürdü

Ən maraqlı idman növlərindən biri də öküz üzərində rodeo yarışlarıdır. Burada kovboy geyimli idmançılar öküzün belində maksimum çox duruş gətirməyə çalışırlar. Yarış zamanı öküzlər idmançını mümkün qədər tez yerə tullamaq üçün vurnuxur.

ABŞ-dakı yarışlardan birində öküz kovboyu öldürməyə də imkan tapıb. Denver şəhərindəki rodeoda dünyanın ən yaxşı kovboylarından biri olan Meyson Lou ağır zərbədən özünə gələ bilməyib. 25 yaşlı idmançı yerə yıxılandan sonra öküzün qabağından qaçmağa macal tapmayıb. Sinəsindən aldığı zərbə ölümcül olub.

Lou bu idman növü üzrə yetərincə uğurlu sima sayılır. Meyson dünya reytinqində 20-ci yerdədir. Yeddi ildir bu işlə məşğul olan kovboy son bir ildə 70 faiz uğurlu nəticə göstərib.

Öküz üzrə rodeo dünyanın ən təhlükəli idman növlərindən biridir. İdmançı yarış zamanı öküzün üzərində 8 saniyə oturmağı bacarmalıdır. Öküzlər çılğınlığı ilə bir-birindən fərqlənir. İdmançılara xallar da öküzün gücünə uyğun olaraq verilir. Heyvanın belində heç də həmişə 8 saniyə duruş gətirmək olmur.

İki il əvvəl Roen Markhem Avstraliyada öküz yarışında ciddi zədə almışdı. Amma həmin idmançının həyatını xilas etmək mümkün olmuşdu.

Paylaş