Maduro: “Tramp Kolumbiya mafiyasına məni öldürməyi sifariş edib”

ABŞ-ın Kolumbiyaya silahlı dəstə yola salmaq planı Venesuela prezidenti Nikolas Maduronu ciddi narahat edir. Ölkəyə tam nəzarət edə bilməyən dövlət başçısı öldürüləcəyindən qorxur.

XariciMedia.com xəbər verir ki, Maduro Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində təhlükəni qonşu ölkədən gözlədiyini deyib: “Donald Tramp Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına məni öldürməyi sifariş edib. Mənə bir şey olsa, bunun məsuliyyətini Donald Trampla Kolumbiya prezidenti İvan Duke daşıyır”.

Maduronu Venesuelanın kəşfiyyat xidməti qoruyur. Özü isə “hər şey Tanrının əlindədir” deyir.

Kolumbiyaya muzdluların göndərilməsi bir nüçə gündür dünya mediasında müzakirə olunur. Jurnalistlərdən biri Trampın sağ əli sayılan təhlükəsizlik məsələləri üzrə məsləhətçi Con Boltonun mətbuat konfransı zamanı bloknotunda “5000 əsgər” ifadəsini görüb. ABŞ-ın Kolumbiyaya məhz bu qədər canlı qüvvə göndərməkdə olduğunu düşünürlər. Rusiya mətbuatı isə bloknotda daha geniş ifadələr yazıldığını iddia edir. Guya orada “”Əfqanıstan danışıqlara hazırdır. Kolumbiyaya 5000 əsgər” ifadəsi yazılıbmış.

Hələ keçən ilin avqustunda Maduroya qarşı sui-qəsd olmuşdu. Prezidentin çıxış etdiyi səhnəyə partlayıcı olan dron yönləndirmişdilər. Həmin hadisəyə görə iki yüksəkrütbəli hərbi xidmətçini həbs etmişdilər.

Paylaş