ABŞ jurnalistin ölümünə görə Suriyadan 300 milyon dollar tələb edir

Yaxın Şərq müharibələri xeyli jurnalist tələf edib. Amerikalı Meri Kolvin ilə fransız fotoqraf Remi Oşlik Suriyada həlak olmuşdular.

Bizimyol.info xəbər verir ki, onların hər ikisini qədim şəhərlərdən olan Hümsdə öldürmüşdülər. Kolvinin ailəsi onun ölümünə göz yummaq fikrində deyil. Belə presedentə alışmasaq da, jurnalist qadının yaxınları Suriya hökumətini məhkəməyə verib. 2016-cı ilin iyulunda Vaşinqton məhkəməsinə müraciət edən Kolvinin ailəsi prosesdən qələbə ilə ayrılıb. Məhkəmə Suriya hökumətinin 300 milyon dollar ödəməli olduğuna dair qərar çıxarıb.

Qərarda yazılıb ki, həmin vaxt Kolvin və Oşlikin yerləşdiyi ərazidə döyüşlər getmirmiş. Yəni onların ölümü xüsusi missiyanın nəticəsidir. Suriya hökuməti isə jurnalist və fotoqrafın ölkəyə qanunsuz ayaq basdıqlarını iddia edir.

Kolvin regiondakı müharibələrin hamısından reportaj hazırlayıb. Meri Kosovo və Çeçenistanda yaxşı işinə görə “Xaricdə işləyən ən yaxşı britaniyalı jurnalist” mükafatına layiq görülmüşdü. O, 16 ildir döyüş bölgələrindən reportaj hazırlayırdı. Kolvin Yasir Ərəfat və Müəmmar Qəddafi kimi siyasətçilərdən müsahibə götürməyə də imkan tapmışdı.

Paylaş