ABŞ daha Fələstinə kömək etməyəcək, Ərdoğan isə əksinə…

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevralın 1-dən Fələstin hökumətinə yardımı dayandırıb. Bu barədə Amerika administrasiyasındakı mənbə məlumat yayıb. Mənbənin sözlərinə görə, Mahmud Abbas administrasiyasının özü Amerika pullarından imtina edib.

Bizimyol.info xəbər verir ki, Fələstin hökuməti ABŞ Konqresinin qəbul etdiyi antiterror fəaliyyəti haqqında qanun qüvvəyə minəndən sonra belə qərar verib. Yeni qanun Vaşinqtondan maliyyə alan istənilən struktura qarşı iddia qaldırmağa imkan verir.

İordan çayının Qərb sahilində Caba kəndində bütün layihələr dondurulub.

“Tikinti işləri başlayanda biz nikbin idik. Amma indi özümüzü yazıq, çarəsiz vəziyyətdə hiss edirik. Bizim kənddəki məktəbli uşaqların oxumağa yeri yoxdur. Onlar məktəbdə oxumaq üçün 7 kilometr yol getməli olurlar”, – deyə yerli icra hakimiyyətinin rəhbəri Ziyab Maşallah bildirib.

Ekspertlər bildirir ki, maliyyənin böyük hissəsi 2017-2018-ci illərdə Donald Tramp administrasiyası tərəfindən dayandırılmışdı. Amma axırıncı məqama qədər ABŞ təhlükəsizlik məsələləri üzrə koordinator missiyasına maliyyə ayırırdı. Bu missiya 14 il əvvəl Fələstin mextariyyətinin güc strukturları ilə qarşılıqlı fəaliyyət məqsədilə yaradılıb. Bu da İsrail təhlükəsizlik xidmətini narahat etmişdi. Yeri gəlmişkən, Amerika qanununa dəyişikliklər məsələsində onların lobbiçiliyinin də ciddi rolu olub.

Bu arada, İsrail parlamentinin ərəb əsilli deputatlarını qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə deyib ki, Fələstinin işğalına son qoyulması, barışa və sülhə nail olmaq üçün bütün mümkün imkanlardan istifadə edəcək.

“Türkiyə Fələstin xalqına üz çevirçəyəcək. Əlimizdəki bütün imkanları qardaşlarımızla paylaşmaqda davam edəcəyik”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qəbul etdiyi deputatlara İsrail parlamentində fələstinlilərin iradəsinin təmsilçisi kimi, üzərlərinə götürdükləri vəzifəyə, Qəzzadakı zülmə etirazlarına, həmçinin Türkiyənin ünvanına səsləndirilən əsassız iddialara səssiz qalmadıqlarına görə təşəkkür edib.

Paylaş