Venesuela neftini sata bilmir

Venesuelada təkcə siyasi böhran yaşanmır, iqtisadi vəziyyət də dayanmadan pisləşir. Daha çox ABŞ sanksiyası Cənubi Amerika ölkəsini “boğur”.

Bizimyol.info xəbər verir ki, Venesuela neftini sata bilmir. “The Wall Street Journal” bu haqda məqalə dərc edib. Venesuelada neft üzrə həmkarlar ittifaqının lideri Luis Ernandes vəziyyəti faciəvi adlandırıb. Milli neft şirkəti PDVSA-nın xaricə neft satmaq imkanları qalmayıb.

Problemin bir neçə səbəbi var. Təbii ki, birinci səbəb ABŞ sanksiyalarıdır. Əlbəttə, amerikalılar yenə Venesuela nefti alır. Sadəcə, ödəniş birbaşa müxalifət lideri Xuan Quaydonun qərargahına yönəldilir.

PDVSA-nın anbarları neftlə doludur. Amma bunu real pula çevirmək mümkün deyil. İndi neft sektoru üzrə mütəxəssislər də çatmır. Bu sahə üzrə xeyli peşəkar kadr siyasi böhrandan sonra ölkəni tərk edib.

Daha bir çətinlik yüngül neftlə bağlıdır. Ağır Venesuela neftinin durulaşmaya ehtiyacı var. Bunu üçün isə yüngül neft qatılmalıdır. İndi daha Karakasla əməkdaşlıq etmək istəyən də yoxdur. Yüngül neft satanlar ödənişin yubanmasına görə razılaşmanı pozurlar.

Yanvarın sonunda ABŞ Venesuelaya sanksiyalar tətbiq edib. Cənubi Amerika ölkəsi amerikalılarla əməkdaşlığı davam etdirir. ABŞ-ın törəmə şirkəti “Citgo” rəsmi Karakasla birlikdə neft çıxarır. Amma hesablar dondurulub. Maduro hökumətinə bir sent belə çatmır.

Paylaş