Ekvadorda rus turisti öldürüblər

Cənubi Amerika ölkələri turistlər üçün heç təhlükəsiz deyil. Məsələn, Venesuela bir çox hesabatlarda bu mənada dünyanın ən təhlükəlisi kimi göstərilir. Kolumbiyanın adı çıxdan çıxıb. Bu sıraya Ekvador da qoşulub.

XariciMedia.com xəbər verir ki, Ekvadorda rus turisti öldürüblər. Aleksey Dombrovski bıçaq zərbəsindən sonra həyatını itirib.

Rusiyanın Ekvadordakı səfirliyindən verilən məlumata görə, hadisə paytaxt Kitonun tarixi yerlərindən birində baş verib. Alekseyi həyat yoldaşı ilə axşam gəzintisi zamanı qətlə yetiriblər. Onlara küçədə dörd nəfər hücum edib. Alekseyi bıçaq zərbələrindən sonra xəstəxanaya çatdıra biliblər. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayətkarlardan üçünü hadisədən bir az sonra həbs ediblər. Dördüncü axtarışdadır.

Ekvadordakı səfirlik xəbərdarlıq edir ki, son dövrlər bu ölkədə kriminal vəziyyət ağırlaşıb. Tarixi yerlərdə gəzmək, adətən, təhlükəsizdir. Buna baxmayaraq, hətta bu yerlərə gedəndə də özünlə çox pul və ya qiymətli əşyalar götürmək məsləhət deyil.

Paylaş