Dörd ayda qızılcadan 1000-ə qədər uşaq ölüb

Keçən ilin oktyabrından bu yana Madaqaskarda qızılcadan ən azı, 922 nəfər uşaq ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.

XariciMedia.com xəbər verir ki, kütləvi ölümün qarşısını almaqdan ötrü təcili peyvənd proqramı həyata keçirilib, amma bunun da xeyri olmayıb. Həkim Katrin Kretsingerin sözlərinə görə, təşkilatın hesabatında göstərilən 922 rəqəmi rəsmi şəkildə qeydə alınmış ölüm hallarıdır. Həkim bu rəqəmin dəqiq olmadığını istisna etmir. Çünki hazırda ölkədə təxminən 66 min nəfərin qızılcaya yoluxması barədə məlumatlar var.

Epidemiyanın yaranmasının əsas səbəbi kimi, insanların peyvənd olunmaması göstərilir. Bu ölkədə adamların cəmi 58 faizi qızılcadan peyvənd olunub.

Ada dövləti olan Madaqaskar Afrikanın ən yoxsul ölkələrindən biridir. Bu ölkədə uşaqların 47 faizi adətən tam qidalana bilmir. Bu da qızılcaya yoluxma və başqa xəstəliklərə tutulma riskini artırır.

Qızılca yoluxucu xəstəlikdir və onun çox ciddi fəsadları ola bilər. Xüsusən korluq, beyin xəstəliklərinə gətirib çıxarır. Həmçinin sətəlcəm və bağırsaq xəstəlikləri riskini də artırır ki, bu da müəyyən hallarda ölümlə nəticələnir.

 

Paylaş