Avropa ölkəsi venesuelalı qaçqınları qəbul edir

Macarıstan Avropanın sərt miqrasiya siyasəti ilə fərqlənən ölkələrindəndir. Dublin sazişinin qaydalarına belə, çox ciddi baxmayan macarlar qaçqınların qəbuluna isti yanaşmır. Amma Macarıstan Venesueladan 300 nəfər qəbul etmək qərarı verib.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsi yalnız macar kökləri olan venesuelalılara qucaq açacaq. Onlara Budapeştə qədər pulsuz bilet, bir illik yaşayış yeri, işləmək hüququ veriləcək, macar və ingilis dili kursları təşkil olunacaq. Macarıstan hökuməti siyahını mümkün qədər gizlin saxlayır.

Macarıstanın baş naziri Viktor Orban bir müddət əvvəl çıxış edərək ölkə əhalisini miqrantların hesabına artırmaq istəmədiklərini bildirmişdi. O, ölkədə məhz macarların sayının artımında maraqlı olduğunu gizlətməmişdi. Dövlət proqramına görə, çoxuşaqlı gənc macar ailələrinə 32 min avro ödəniləcək.

Macarıstan BMT-nin miqrantlarla bağlı paktına qol çəkməmişdi. Dublin sazişinə görə, Avropada miqrantları məhz ilk ayaq basdıqları ölkə qəbul etməlidir. Amma Macarıstan bu qayda ilə hesablaşmır, üzərinə məsuliyyət götürməkdən boyun qaçırır.

Paylaş