Diktatorun oxşarı olduğuna görə aktyoru deportasiya elədilər

Vyetnam hökuməti avstraliyalı aktyor Hovard Eksı ölkədən deportasiya edib. Səbəb isə onun Şimali Koreya lideri Kim Çen Ina oxşarlığı və onun obrazını yaratmasıdır.

XariciMedia.com xəbər verir ki, fevralın 27-28-də Vyetnamda ABŞ prezidenti Donald Trampla Kim Çen In arasında ikinci görüş keçiriləcək. Görüşdə əsas müzakirə mövzusu Şimali Koreyanın nüvə silahından imtinası məsələsi olacaq.

Komediya ustası olan Hovard Eks Vyetnamı tərk etməmişdən öncə deyib ki, Şimali Koreya rəhbərliyinin yumor hissi yoxdur. “Satira istənilən diktaturaya qarşı çox güclü silahdır. Xahiş edirəm, üçüncü Dünya Müharibəsi eləməyin”, – aktyor əlavə edib.

Fevralın 22-də Eks Vyetnama Donald Trampın oxşarı olan başqa bir katyorla – Rassel Uaytla birlikdə gəlmişdi. Elə həmin gün onların hər ikisini polis saxlamışdı. Öncə Uaytı da deportasiya eləmək istəyiblər. Amma sonradan qərarı dəyişiblər. Ona ölkədə qalmağa icazə verilsə də, açıq çıxışları qadağan ediblər.

Ötən ilin iyununda Eks Sinqapura gedəndə orada da ABŞ və Şimali Koreya liderlərinin ilk görüşü keçirilirdi. O zaman da aktyoru orada polia qısamüddətli saxlamışdı. Bir qədər sonra Cənubi Koreyada Qış Olimpiya Oyunları dövründə isə onu bu ölkənin təhlükəsizlik xidməti həbs eləmişdi. O zaman aktyorun həbsinə səbəb Şimali Koreyaya dəstək qrupundan olan qızların qarşısında rəqs etməsi olmuşdu.

Eks həm də Rusiyanın “Little Big” qrupunun klipində Kim Çen In rolunu oynamaqla məşhurlaşıb.

 

Paylaş