NTV-nin yaradıcısı və Yeltsinin məsləhətçisi İspaniyada ölü tapıldı

Rusiyanın NTV kanalının yaradıcılarından biri olan İqor Malaşenko İspaniyada ölü tapılıb. XariciMedia.com xəbər verir ki, siyasi texnoloq və keçmiş media-menecer 65 yaşında dünyasını dəyişib. Bəzi məlumatlarda onun özünə qəsd etdiyi bildirilsə də, bu versiya hələlik rəsmən təsdiqlənməyib.

Malaşenko həm də bisnesmen Vladimir Qusinskinin şəriki idi. Onlar NTV-ni birlikdə yaratmışdılar. “Şokdayam. Mənim üçün çox ağırdır. Başqa heç nə demək istəmirəm”, – deyə Qusinski bildirib.

Jurnalist Kseniya Sobçak da Malaşenkonun ölümü xəbərini təsdiqləyib. O da bildirib ki, Malaşenko intihar edib: “Prezident seçkiləri öncəsi kampaniya zamanı birlikdə işləmişdik. Birgə işimizə görə ona minnətdaram. Onu əxlaqlı və kreativ adam hesab edirəm. Fəxr edirəm ki, onun rəhbərliyi altında işləmişəm”.

İspaniya polisi hələlik Rusiyaya bu ölüm hadisəsilə bağlı rəsmi məlumat veriməyib.

Fevral ayının ortalarında İqor Malaşenkonun nevroloji problemlərilə əlaqədar Latviyada xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı. Təxminən on gün əvvəl onun hazırkı həyat yoldaşı Bojena Rınska “İnstagram” səhifəsində yazmışdı ki, Malaşenko keçmiş arvadı Yelena Pivovarova ilə mübahisə eləyəndən sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib. Onların boşanma prosesi də qalmaqallı olmuşdu.

1996-cı ildə Rusiyada prezident seçkiləri kampaniyasında Boris Yeltsinin əsas məsləhətçisi Malaşenko olmuşdu. 2017-ci ildə keçirilən prezident seçkisində isə Kseniya Sobçakın seçki qərargahına bir neçə ay rəhbərlik etmişdi.

Paylaş