Genlərin insan uğurlarında payı

İrsi amillər və şərait insanın çata biləcəyi məvacib səviyyəsinin böyük hissəsini müəyyənləşdirir. Fin tədqiqatçılarının gəldiyi fikrə görə, tərbiyə çox da nəzərəçarpan rol oynamır.

Finlandiyanın “Helsingin sanomat” qəzeti araşdırmanın nəticələrini dərc edib. XariciMedia.com xəbər verir ki, araşdırma 1950-57-ci illərdə doğulmuş eynicinsli əkizlərin müşahidəsinə əsaslanır.

Əlbəttə, uğur qazanmış adamlar həyat fəlsəfəsinə və tərbiyəyə görə valideynlərə çox minnətdardır. Psixogenetika isə deyir ki, uğurda ailənin rolu elə də böyük deyil.

Valideynlər uşaqlarına daha çox genlərlə təsir göstərə bilər. Bu fikrə fin iqtisadçılar – Pekka İlmakunnas, Edvard Yohansson və Otto Toyvanen əkizlərin müşahidəsi nəticəsində gəliblər. Araşdırma “The Journal of Economic Inequality” jurnalında dərc olunub. Araşdırmaya görə, irsi amillər kişilərin 54, qadınların 39 faizində məvacibində əksini tapır.

Aalto universitetinin professoru olan İlmakunnas deyir ki, qadınlar, adətən, iki seçim arasında qalır: işləmək və ya evdə oturmaq. Buna görə də irsi amillər onların məvacibində özünü daha az göstərir.

Genlər qazancda nəyə üstünlük vermək, sağlamlıq, ağıl imkanları, individual keyfiyyətlər və riskə meyl baxımından mərkəzdə dayanır. Bu xarakterik xüsusiyyətlər öz növbəsində təhsildə, iş seçimində, karyerada irəliləyişdə vacib rol oynayır. İlmakunnas deyir ki, Finlandiyada ünsiyyətcil adamlar daha çox uğur əldə edir.

Araşdırmanın 1950-57 ci illərdə doğulmuş əkizlərin müşahidəsinə əsaslandığını yazdıq. Onların 33-59 yaş arasında qazancları nəzərə alınıb. Əkizlərin bir genotipi var. Bir ailədə böyüyürlər, birlikdə yaşayırlar, eyni məktəbdə oxuyurlar. Amma onlar böyüyəndən sonra eyni həyat yolu keçmirlər. Ətraf mühit, həyat şərtləri özünü göstərir. Bundan başqa, dostların çevrəsi, ağır xəstəlik, uğursuz münasibətlər və ya qəfil yaxşı iş təklifi situasiyanı dəyişir. Hələ daha çox amilləri sadalamaq olar.

Helsinki Universitetinin tədqiqatçısı Antti Latvala bildirir ki, individual amillər insan həyatına genlər qədər təsir göstərir: “Kasıblıq və ya zənginlik geni yoxdur. Genlər dəsti var ki, hər biri ayrılıqda xüsusi rol oynamır. Amma birlikdə böyük əhəmiyyət daşıyır”.

Əkizlərin qardaş və ya bacısı ilə genlərində 50 faiz oxşarlıq olur. Qalanını tərbiyə mühiti formalaşdırır.

Latvala uşaqlıqda ümumi mühitin, dolayısıyla genlərin daha qabarıq özünü göstərdiyini düşünür. Yaş artdıqca başqa amillər önə keçir. Ümumi mühit arxa planda qalır.

“Valideynlər düşünür ki, uşaqla necə davranmaları ən vacib amildir”, – Latvala belə deyir. Halbuki genlər daha çox iş görür.

İlmakunnas çox vacib amilə də diqqət çəkir. Məktəb islahatları genetik faktorlara özünü göstərmək üçün geniş imkanlar yaradıb. İlmakunnas təkcə Finlandiyada yox, Norveçdə də belə olduğunu deyir.

Paylaş