Məşhur rejissor kinodan getmək istəyir

Məşhur Hollivud rejissoru Kventin Tarantino kinodan getmək ehtimalından danışıb. O, “Bir dəfə… Hollivudda” filmindən sonra karyerasını başa vura biləcəyini deyib.

Xaricimedia.com xəbər verir ki, Tarantino doqquzuncu ekran əsərindən sonra daha film çəkməyə bilər. “Filmi yaxşı qarşılasalar, ola bilər ki, onuncunu çəkməyim. Ola bilər, lap elə indi dayandırdım. Bəlkə də, zirvədə getmək lazımdır. Baxarıq”, – rejissor belə deyib.

Tarantinonun söylədiyinə görə, kino çəkilişlərində yolun sonuna çatıb. Rejissor karyerasını bitirəndən sonra kino və teatr haqda kitab yazmağı düşünür.

Tarantino hələ 2016-ci ildə getmək istəyini dilə gətirmişdi. Onda rejissor düz onuncu filmdə dayanacağını demişdi.

“Bir dəfə… Hollivudda” filminin premyerası mayın 21-də Kann festivalında baş tutub. Baş rollarda Leonardo Di Kaprio və Bred Pitt çəkilib. Ekran əsərində başqa bir ulduz Al Paçinonu da görmək mümkündür.

Paylaş